Xalqım üçün yeni proqram yazmışam. Millət olmaq naminə bir proqramdır. www.milletolaq.biz saytına girdikdən sonra “Yükləmə” bölməsinə keçin və “Millət.exe” proqramını kompyuterinizə yükləyin. Daha sonra kompyuterinizdə çıxacaq olan “Ürəyim” faylını “.zip” formatdan çıxardıqdan sonra “Ürəyim” qovluğu yaranacaq və həmin qovluğu açın. İçindəki “Millət.exe” faylına “siçan”la iki dəfə ehmalca üzərinə vurduqdan sonra proqram yükləmə prosesinə başlayacaqdır. Amma burada diqqət yetirməniz gərəkən bir neçə nüans var ki, “Rüşvətxorluq.exe”, “Yerlibazlıq.exe”, “Yaltaqlıq.exe” və “Qorxaqlıq.exe” proqramları qapalı olmalıdır.
Bunlar çalışdığı müddətdə “Millət.exe” proqramı kompyuterinizə yüklənə bilməz. Bağladınızmi? Ay sağ olun! Mən şəxsən məsləhət bilərdim ki, həmin yuxarıda sadaladığım proqramları kompyuterinizdən birdəfəlik rədd edəsiniz. Çünki həmin proqramlar kompyuterinizdə olduğu müddətcə “Millət.exe” proqramının fəaliyyətinə maneə olacaq, hətta o proqramlar işlək olmasalar belə. Keçək yükləmə prosesinə.
Əgər dediyim proqramları kompyuterinizdən sildinizsə, hal-hazırda “Millət.exe” proqramını yükləmədə heç bir problem olmamalıdır. Amma təbii ki, bir neçə istisnalar var. Əgər proqramı yükləyərkən monitorunuzda “Xəta 666 – Bu proqram sizin sistemdə çalışmayacaq!” kimi ismarış peyda olsa, o zaman vay halınıza. Yox, narahat olmayın, bunun üçün də çıxış yolları tapmışam. Yuxarıda yazdığım saytda “Əlavə dəstək proqramları” bölməsindən “Adam olmaq” faylını kompyuterinizə yüklədikdən sonra onu “.zip”likdən çıxardın və “Adam olmaq” qovluğunu açın. Orada gördüyünüz “Xoş xasiyyət.exe”, “Vətənpərvərlik.doc”, “Əxlaq və iman.txt”, “Cəsarət.wmv”, “Qeyrət.doc”, “Azad düşüncə.mp3” və “Birüzlülük.jpg” fayllarını kopyalayıb, “Ürəyim” qovluğuna atın. Bu prosesi bitirdikdən sonra “Millət.exe” proqramının yükənməməsi qeyri-mümkündür. Bir şeyə də diqqət yetirin ki, kompyuterinizdə “Ümidsizlik.exe” və “İnamsızlıq.exe” faylları mövcud olmasın, əks təqdirdə bunları zibil qutusuna tullayıb, qutunu boşaldın. Bəli, “Millət.exe” proqramı artıq kompyuterinizdə işlək vəziyyətə gəldi, sizləri təbrik edirəm!
Onu da qeyd edim ki, bu proqram tamamiylə pulsuzdur. Xalqımızın yaxşı və xeyirli şeylərə pul xərcləmədiyini göz önündə tutaraq bu qədər zəhmətə qatlandım. Nə də olsa, inşallah bir faydası toxunacağını güman edirəm. Və bu proqramı istifadə edən hər bir soydaşımdan xahiş edirəm ki, proqramın saytını bütün yaxınlarınıza, dost-tanışlarınıza bildirəsiniz. Onlar da bildikləri və tanıdıqları ilə bu proqramı bölüşsələr, problemimiz aradan qalxar. Çünki millət olmağımıza ehtiyacımız var.
Daha bir qeyd də bundan ibarətdir ki, proqramı problemsiz kompyuterinizə yüklədikdən sonra www.inkishaf.com saytına girərək növbəti mərhələli proqram və məsləhətlərdən istifadə edə bilərsiniz. Amma “Millət.exe” proqramından istifadə etmirsinizsə, bu saytın heç bir əhəmiyyəti yoxdur.
Həqiqi millət olma naminə…



